Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

13.6.13

Elmi məqalələrin yazılmasında IMRAD qaydası...

Yeni texnologiyaların yaratdığı fürsətlər müxtəlif istiqamətlərdə dəyərləndirilir. Bunlardan biri də yazdığımız, fikirlərimizi paylaşdığımız bloqlardır. Böyük əksəriyyət (əgər doğrudursa) kimi mən də nə qədər də yazının çap formatını bəyənsəm və istifadə etmək istəsəm də, zamanımızın çoxu kompyuter önündə keçdiyi üçün bunu istədiyimiz ölçüdə təbii olaraq bacarmırıq. Online informasiya mənbələri və bloqlar artıq bu ehtiyacın müəyyən hissəsini qarşılamaqdadır.

Bloqlara gəlincə, təbii ki müxtəlif sahələrə aid, müxtəlif mövzularda bloqlar vardır. Nə qədər bloqda yazılan yazılar kiçik həcmli olmalıdır, sıxıcı olmamalı, oxumağa başlaması ilə bitməsi sürəci qısa və mövzudan uzaqlaşmalar olmamalıdır, birnəfəsə oxunmaldır kimi qeyri-rəsmi qaydalar olsa  da bəzi bloqlar xüsusilə elmi xarakterli yazılar məkanıdır. Buna görə də belə yazıların elmi yazı prinsiplərinə söykənməsi və ya bundan istifadə etməsi daha məqsədəuyğun olar.

Demək istər çap formatı olsun, istərsə də bloq məqaləsi, elmin müxtəlif sahələrinə aid xüsusilə, iqtisadiyyat, idarəetmə, sosyologiya, siyasət və s kimi mövzularda elmi məqalə yazma prinsiplərini əhatə edən IMRAD qaydası diqqətə alınsa, bundan istifadə edilsə yaxşı olardı. Beynəlxalq statuslu və xüsusilə elmi yayınlarda hələ də bu qaydalar önəmli yerə sahibdir, yəni bunlar nəzərə alınır. Bloqda yazılan yazılar elmi yayınlarda istifadə edilə bilər və ya əksinə elmi yayınlarda olan yazılar bloqlar vasitəsilə daha geniş kütləyə çatdırıla bilər. Buna görə də hər iki məkanda bu qaydaların diqqətə alınması məqalənin elmi və ya araşdırma xarakterli bir yazı olaraq keyfiyyətini artıracaqdır.

Nədir IMRAD qaydası? I-introduction, M-methods, R-Results (A-and) və D-Discussion kəlmələrinin baş hərflərini əmələ gətirən, yəni Giriş, Metodlar, Nəticələr və Diskussiya-Müzakirə mərhələlərini əhatə edən məqalə, xüsusilə elmi məqalə yazma qaydasıdır. 

Bu qaydaya görə elmi yazılar mövzu ilə əlaqədar ümumi və varsa özəl məlumatlarla başlamalı, maraq oyadan təsirli cümlə, fikir istifadə edilməlidir. Bu  Giriş bölməsinin əsas prinsipidir.

 Metodlar hissəsində  təqdim edilən mövzu və ya araşdırma ilə əlaqədar istifadə edilən metodlar ortaya qoyulmalı və bu metodların effektivliyindən bəhs edilməlidir. Niyə bu metoddan istifadə edildiyi haqda da yazmaq mümkündür. Qısaca varsa digər metodlardan da bəhs etmək mümkündür. Yəni burada hansı metoddan və hipotezdən yola çıxaraq digər bölmədə yer alan Nəticələrə gəlinmişdir açıq göstərilməlidir.

Bəhs edilən kimi digər hissə Nəticələr-dir. Bu hissədə isə müəllif və ya araşdırmacının gəldiyi nəticələr açıqlanır və izah edilir. Məqalə və ya məqalədəki fikirlər, metodlar, nəticələr müzakirə xüsusunu özündə həmişə saxlamalıdır.

Diskussiya-müzakirə ona görə də son bölmə olaraq çox önəmlidir. Xüsusilə bloqlarda yazılan məqalələr müzakirələrə açıq olmalıdır, feedback-lər əldə edilməlidir. Bloqların fəallığının göstəricilərindən biri də məhz budur, yazılan yazılara olan şərhlər. Yazılar buna görə də bilgi verici və müzakirə olunacaq xüsusiyyətlərə malik olmalıdır. Çünki bu sahədə olan yazılar ədəbi yazılardan məhz müzakirə tələb etdiyi üçün fərqlənir. Elmdə sorğulama, müzakirə onun inkişafına töhvə verər.

Xüsusilə yuxarıda bəhs edilən mövzularda yazılan yazılarda bu qaydalardan istifadə etsək, həm özümüz, həm də oxucu auditoriyamız üçün zamanımızda ən dəyərli olan vaxta da qənaət etmiş olarıq. Həm də müəyyən mövzuda araşdırma edən, bilgi, məlumat toplamaq və istifadə etmək istəyənlər üçün daha faydalı ola bilərik. Mən belə düşünürəm, bəs sizlər?

Hamıya uğurlar diləyi ilə...

No comments: