Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

3.12.14

Məhsuldarlıqda rol oynayan amillər...

İqtisadi artım və inkişaf mövzusunda öz sözünü demiş ekonomistlərdən biri Nobel ödüllü Robert Solow-dur ki, mən də irəli sürdüyü tezislərlə daha çox razılaşıram. Neo-klasik iqtisadi artım modelini irəli sürən ekonomist uzun illər 1950-ci ildən bu sahədə müxtəlif çalışmalarıyla meydandadır. 1987-ci ildə də elə iqtisadi artım mövzusundakı çalışmalarına görə Nobel mükafatı almışdır. Solow artım modelində, ən sadə dillə desək texnolojik inkişaf diqqətə alınır və iqtisadi artım sürətinin texnolojik inkişaf sürəti və əhali artım sürətinin birlikdə toplamına bərabər olması tezisi müdafiə olunur. 


Hazırda yaşayan və MTI-də çalışan 90 yaşlı iqtisadçının iqtisadi artımın bugünü və gələcəyi, habelə biznes və iqtisadiyyatın buna bağlı olaraq hansı faktorları daha çox diqqətə alması haqqında McKinsey Global İnstitutu tərəfindən açıqlanan və özü ilə aparılan müsahibədə çox maraqlı və faydalı məsələlərə toxunulmuşdur. Aşağıda qısaca bu məsələlər barədə söz açacağam.

Məhsuldarlıqda rol oynayan amillər:

1) İqtisadçının fikriylə məhsuldarlıqda rol oynayan amillərdən biri və özünün də tezisində müdafiə etdiyi kimi ölkələrin, şirkətlərin texnolojini əldə etmə istək və bacarığı, texnolojidən (texnolojik dəyişiklikdən) nə ölçüdə yararlanması amili olsa da, müxtəlif ölkələrdə eyni sektoru incələdikləri zaman məhsuldarlığın sadəcə texnoloji amildən asılı olması deyil, məhsuldarlığa və buna bağlı faktorlara idarəetmənin baxış mövqeyi, idarəetmə qərarlarının verilməsindəki peşəkarlıq səviyyəsindən daha çox asılı olduğu izlənmişdir.

2) Digər araşdırılan amil investisiya həcmi və ağırlığı olmuşdur. Burada da yüksək investisiya imkanlarının olmasına baxmayaraq eyni sektorda məhsuldarlıq artımı sadəcə investisiyaya bağlı olmadığı görülmüşdür. Məsələn Fransa avtomobil sektoru, Amerika avtomobil sektoruna müqayisəli olaraq daha çox investisiya ağırlığına sahib olsa da, iki sektordakı məhsuldarlıq investisiya ağırlığına paralel inkişaf göstərmir. Burada isə ortaya çıxan əsas amil yenə organizasiya əksikliyi ilə bərabər idarəetmə qəararlarının effektsizliyi və səhvlərdir. 

3) McKinseylə birlikdə aparılan araşdırmada incələnən digər bir sahə isə xidmət sahəsində məhsuldarlıq subyekti olmuşdur. Araşdırma nəticəsində bu sektorda işgücünün 70%-nin  (Avropa və Amerika) cəmləşdiyinə baxmayaraq məhsuldarlıq digər sektorlara nisbətən gözlənilənin əksinə aşağı səviyyədə olmasıdır. Xüsusilə distribusiya və pərakəndə sektorunda məhsuldarlıq dərəcələri çox aşağı səviyyədə olduğu müşahidə edilmişdir.

Xidmət sektorunda məhsuldarlıq təyinedicilərinin və təsir göstərən faktorların nələr olduğu üzərində daha əhatəli çalışmalara ehtiyac yaranmışdır. Məsələn əvvəllər xidmət sahəsi, istehsal sahəsinə nisbətən daha az kapital tələb etdiyi fikri hakim idisə, indi bu fikir öz aktuallığını itirmək üzrədir.  Bu sektorda məhsuldarlıq amili kimi, yenə idarəetmə və qərarvermə çevikliyi ilə birlikdə texnolojinin səmərəli istifadəsi irəli sürülür. Xüsusilə pərakəndə sektorunda texnolojik yeniliklərin istifadəsi məhsuldarlıq göstəricilərinə müsbət təsir edəcəyi fikri hakimdir.

Robert Solow-un iqtisadi artım, məhsuldarlıq təyinediciləri və məhsuldarlıqda artım sürəti haqqındakı yuxarıdakı fikirlərə əsaslanaraq deyə bilərik ki, sırf ekonomik və texnolojik faktorlarla yanaşı idarəetmədə peşəkarlıq, qərarvermə bacarığı  və s kimi bəşəri idarəetmə faktorları da məhsuldarlıqda önəmli təsir subyektləridir və bu xüsusilə önümüzdəki dövrdə əsas fərqyaradıcı amil kimi davam edəcəkdir... 

2 comments:

Unknown said...

Hörmətli müəllif, toxunduğunuz mövzu çox aktualdır, lakin bizim reallıqlarda idarəetmə briqadir səviyyəsində həll olunur. Mən düşünürəm ki, Solounun Nobel mükafatı modelinin, müəyyən qədər zidd olduğunu nəzərə almasaq, sizin sırf idaretmə istiqamətində apar biləcək araşdırmaların faydası böyük ola bilər. Uğur olsun

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Hörmətli Fuad müəllim, öncəliklə dəyərli rəyiniz üçün təşəkkür edirəm. Və yazdığınız reallıqlar və idarəetmə istiqamətində aparılacaq araşdırmalar haqqında Sizinlə razıyam. Nə qədər çox bu istiqamətdə araşdırmalar aparılsa və bu sahədə geri planda qalan mövzularda məlumatlandırma aparılsa müəyyən faydası olar. Bu istiqamətdə faydalı olmağa çalışııram və çalışacağam... Sizə də işlərinizdə uğurlar!