Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

5.3.13

Marketinq Araşdırmaları bazarları haqqında...

Bu yazıda dəyərli oxucularımla ölkəmiz də daxil olmaqla bir neçə ölkənin Marketinq Araşdırmaları bazarı və iştirakçıları haqqında düşüncələrimi paylaşacağam. Yazıya başlamadan əvvəl yaxın ölkələrin Marketinq Araşdırmaları bazarı haqqında bəzi statistik bilgilər vermək istəyirəm.
Rusiya marketinq araşdırmaları bazarının həcm imüxtəlif qaynaqlar tərəfindən təqribən 300 mln. dollar olaraq göstərilməkdədir. Bu isə adambaşı marketinq araşdırma xərcinin 2 dollara yaxın olduğunu göstərir. Ukraynada marketinq araşdırmaları bazarının həcmi isə təqribən 40-45 mln. dollar olduğu haqqında məlumatlar var.
Bu adam başına marketinq araşdırmasının bu ölkədə təqribən 1 dollar olduğunu ifadə edir. Türkiyədə marketinq araşdırmaları bazarının həcmi artıq 150 mln. dolları (2010) keçmişdir. Bu ölkədə də adam başına düşən araşdırma xərci 2 dollardan çoxdur artıq. Keçək bizə yaxın olan Qazaxstana... Bu ölkədə marketinq araşdırmaları bazarının həcmi etibarlı mənbələrə görə təqribən 18-20 mln. dollardır. Bu da adam başına 1 dollardan bir qədər çox xərcləndiyini göstərir. Gürcüstanda bu bazarın həcmi çox kiçik təqribən 1 mln. dollar olaraq göstərilir. Ancaq buna baxmayaraq Gürcüstanda lokal marketinq araşdırma şirkətləri içində bizim araşdırma şirkətlərindən daha professional çalışan və yenilikçi böyük şirkətlər də var...
Bu sahə ilə əlaqədar daha bir maraqlı statistik bilgi isə belədir ki... İnkişaf etmiş ölkələrdə xüsusilə Avropa ölkələrində araşdırma xərclərinin reklam xərclərinə nisbəti 10-12% civarında seyr edərkən, digər ölkələrdə məsələn Türkiyədə 4-5% civarında seyr edir. Bu isə ölkələrin araşdırmalara nə qədər önəm verdikləri haqqında əlavə bir göstəricidir.

Ölkəmiz haqqında müəyyən mənbələrdən (araşdırma şirkətlərindən) məlumat əldə etmək istədim, ancaq təəssüf bir cavab tapa bilmədim. Buna baxmayaraq əgər ölkədə fəaliyyət göstərən global və lokal araşdırma şirkətlərinin sayını, izlədiyimiz ölçüdə fəaliyyətlərini, kalitativ və kantitativ inkişafının yetərsiz olduğunu nəzərə alsaq bu bazarın ölkəmizdə çox kiçik olduğunu qeyd etmək olar.  Təbii ki sadəcə ölkə marketinq araşdırmaları şirkətlərinə baxıb bu qərara gəlməkdə müəyyən yanlışlıq ola bilər. Belə ki yəqin ki ölkədə fəaliyyət göstərən qlobal və beynəlxalq şirkətlərin, habelə müəyyən yerli şirkətlərin bir hissəsi öz araşdırma tələblərini ölkəmizdə fəaliyyət göstərməsələr də, beynəlxalq araşdırma şirkətlərinə və ya başqa ölkə orijinli araşdırma şirkətlərinə verirlər. Son bir ildə mən bu cür tələblər haqqında kifayət qədər informasiya əldə etmişəm. Məsələn Gürcüstan və Qazaxstan araşdırma şirkətləri Azərbaycan bazarında müəyyən müştərək və fərdi layihələrdə iştirak etmişlər, yəni bizim bazarda iştirak edirlər və buna çalışırlar. Yəqin bizim araşdırma şirkətləri də müəyyən ölkə bazarlarında çıxış edirlər... Ancaq yenə də şirkətlərin araşdırmaya verdikləri önəm dərəcəsinin az olmağını və araşdırma şirkətlərinin sayı və səviyyəsini nəzərə   aldığımızda bu bazarın bizdə inkişaf etmədiyi və kiçik olduğu qənaətinə gəlmək olar.

Araşdırma bazarları haqqında məlumat verərkən ölkədə fəaliyyət göstərən araşdırma şirkətlərinin keyfiyyətindən əvvəl, rəqabət nöqteyi-nəzərindən sayı da çox əhəmiyyətlidir. Ölkəmizdə üzdə olan 3-4 araşdırma şirkəti var. Bu rəqəm Rusya və Türkiyədə 50-dən çox, Qazaxstanda 15-ə qədər, Gürcüstanda isə 2 dəfə çox 7-8-dir. Təbii ki burda fəaliyyət göstərən, tanınan, üzdə olanları qeyd edirəm. Qazaxıstanda dünyanın ən böyük marketinq araşdırmaları şirkətlərindən 4-ü: GfK, ACNielsen, TNS, IPSOS fəaliyyət göstərir. Bizdə isə...?

Son səyahətimdə Qazaxstanda qlobal və lokal araşdırma şirkətləri ilə görüşdüm. Görüşmədən əvvəl təbii ki internet səhifələrini dolaşırdım. Bir məlumat verim ki səhifələri bizim araşdırma şirkətlərindən fərqli olaraq mütəmadi yenilənməkdədir. Yeni xəbərlər, konfrans, seminarlar, araşdırma və marketinqlə bağlı təlim-tədris materialları, araşdırma ilə bağlı keçirilən tədbirlərin işıqlandırılması və s. ilə doludur. Bizdən fərqli olaraq araşdırma şirkətlərinin qurduqları assoasiyaları var və real olaraq fəaliyyət göstərir. Habelə Qazaxstan araşdırma şirkətləri Rusiyada keçirilən, hətta bəziləri Avropada ESOMAR konfranslarına, panellərində, tədbirlərdə də mütəmadi iştirak edirlər və çıxış edirlər. Təbii ki bunlar sektorun inkişafı, yeniliklərin əldə edilməsi üçün vacib fəaliyyətlərdir. Türkiyədə və Rusiyada da belə assosasiyalar mövcuddur. Bizdə Azərbaycan Marketinq Cəmiyyəti var... Fəaliyyəti ilə bağlı keçmiş yazılarımda yazmışam. Araşdırma sahəsi isə zəif, çox zəifdir... Ancaq yəqin ki belə getməz... Şirkətlərin araşdırmaya daha çox önəm vermələri, marketoloqların yetişməsi ilə yəqin ki lokal araşdırma şirkətlərinin sayı da çoxalacaq, keyfiyyəti də artacaq...
Uğurlar diləyi ilə...


No comments: