Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

8.1.13

Marketinq və satışda elmi müşahidənin önəmi...

 Nə qədər  müşahidələr pozitiv elmlərin dayağını təşkil etsə də sosial elmlərdə də müşahidə çox önəmli faktordur. Ümumiyyətlə son illərdəki iş həyatımda satış və marketinq sahəsində araşdırma və analizlərlə iç-içə olduğum üçün məhz bu sahələrdə müşahidə bacarığının önəmini görmüş və qəbul etmişəm. Müşahidə elmi metodikanın demək olar ki ilkin mərhələsidir. Hər hansı gerçək bilgiləri əldə etmək üçün ilkin etapda müşahidə etmək lazımdır. Müşahidə nəticəsində hipotez irəli sürülür. Hipotezlər bir təklif, öngörüdür. Hipotezlər doğru və yanlış ola bilər.

Ancaq hipotezin test edilməsi ilə doğru və ya yanlış ortaya çıxarılır. Əgər təklif edilən hipotez haqqında təsdiqləyici dəlillər və bilgilər üstünlük təşkil eidrsə bu hipotez artıq "bilgi" və həm də "elmi bilgi"-yə çevrilir. 
Müşahidə - baş verənləri anlamaq üçün müşahidə edilən obyekt və ya subyektdə meydana gələn dəyişiklikləri qavrama, gözdən keçirmə, analiz və qeyd etmək prosesidir. Araşdırmacı və ya müşahidəci heç vaxt bu prosesə müdaxilə edə bilməz və ya etməməlidir. Məhz bunun nəticəsində müəyyən bilgi və təcrübələr qazanılmış olur. Müşahidəci və ya araşdırmaçı daim şübhəci (müsbət mənada) olmalıdır və hər şeyi qəti gerçək kimi qəbul etməməlidir.

Yuxarıda elmi müşahidədən bəhs etdik. Bir neçə cümlə ilə bunu davam edib daha sonra satışda və marketinqdə müşahidənin yeri və önəminə keçiş edərik. Elmi müşahidənin iki əsas şərti vardır: Təchiz və hipotez şərti. Müşahidənin təchiz şərti budur ki, araşdırmacı-müşahidəci iki önəmli unsurla təchiz olunmalıdır: knowledge  and intuition -  bilgi və intuisiya-hiss... Bu iki faktor isə bir birlərinə müsbət təsir edirlər. Yəni pozitiv əlaqədədirlər. 

Məhz indi artıq bundan sonra yazılanlar digər sahələrlə bərabər,  marketinq və satışa da aiddir. 
Müşahidəci bu iki xüsusiyyətə, faktora sahib olmalıdır. Müşahidəci-marketinqdə və satışda müxtəlif funksiyaları yerinə yetirənlər: marketoloqlar, araşdırmacılar, satış  menecerləri, satış müdürləri və s. öz sahəsində nə qədər çox bilgiyə sahib olsa bu sahədə baş verənləri və ya baş verəcəkləri daha tez və effektli qavrayar və müşahidəsi də effektiv olar. Müşahidə obyekti və ya subyekti haqqında daha çox bilgiyə malik olmaq ona bu üstünlüyü təmin etmiş olur. Yəni qısacası hər sahənin professionalı, mütəxəssisi öz sahəsində daha effektiv müşahidə qabiliyyətinə malik olur.

Araşdırmacı eyni zamanda güclü hissiyata, intuisiya-hiss qabiliyyətinə də malik olmalıdır. Bu isə ona malik olduğu bilgilərin xaricinə daşmaq imkanı yaradır. Yəni hadisələrə sadəcə bilgisi çərçivəsində deyil daha geniş baxmaq imkanı verir. Məsələn bir satış menecerinin satış ilə əlaqədar bilgilərinin xaricində insanları tanıma hissiyatı olarsa, öz müştəriləri ilə ünsiyyət sahəsi genişlənir və müştəri ilə ünsiyyəti sadəcə satışla əlaqədar metodologiyalardan istifadə etməklə qalmır, müştərinin davranışlarını müşahidə edərək və alacağı qərarları öncədən hiss edərək, sezərək  satış prosesini daha uyğun və nəticəyönlü idarə etməsini gücləndirir.  Bu hiss və ya sezgilər nəhayətində elmilik də qazana bilər.

Yuxarıda da qeyd etdiyim kimi bu iki faktor bilgi və intuisiya-hiss bir-birləri ilə pozitiv əlaqədədədirlər və bir birlərini dəstəkləyici və inkişaf etdirici xüsusiyyətə malikdirlər. 
Marketoloq və satış sahəsində olanlar bu iki xüsusiyyətlərini artırmağa çalışmalıdırlar. Yolu isə hər hansı birinin artırılması! Çünki birinin artırmaq digərinə də müsbət effekt verəcəkdir! 

Bol bilgi və intuisiya diləyi ilə...



No comments: