Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

14.1.13

Davamlı inkişaf və kənd təsərrüfatı...

                                                                 "ECOLIFE" dərgisində yayınlanan növbəti məqaləm...


         Cəmiyyətin inkişafının təkcə iqtisadi nöqteyi nəzərdən deyil, eyni zamanda ictimai, insani və ətraf mühitə görə də dəyərləndirilməsi vacibdir. Buna görə də 1970-ci illərdə ənənəvi inkişaf anlayışı bu istiqamətdəki tənqidi fikirlər və tələblər nəzərə alınaraq dəyişməyə başlamışdır. Ənənəvi inkişaf anlayışı öz yerini ətraf mühit, təbii resurslar və insani tərəfi ələ alınaraq daha geniş bir anlayış olan davamlı inkişaf anlayışına vermişdir. Ümumiyyətlə inkişaf nəzəriyyələrində iki əsas problem ön planda olmuşdur. Birinci problem inkişafın hansı faktorlardan asılı olması, ikinci isə mövcud istehsal faktorlarının optimal bölüşdürülməsinin necə təmin olunacağı problemidir. Davamlı inkişafda isə iqtisadi fəaliyyətlərin insan inkişafına və ətraf mühitə necə təsir edəcəyi əhəmiyyət qazanmışdır.

Davamlı inkişaf mövzusundakı mübahisələr əsasən strategiyalar təklif etmə istiqamətindədir. Strategiyaların meydana çıxmasında davamlı inkişaf düşüncəsinin mərkəzində yer alan ətraf mühit resurslarına da iqtisadi bir dəyər kimi baxılması istənir.  İqtisadiyyatı ətraf mühitdən ayrı görməmək bu anlayışın əsasını təşkil edir. 
Ətraf mühit və inkişaf siyasətlərinin əsas məqsədlərini ifadə edən davamlı inkişaf strategiyası aşağıdakıları özündə cəmləşdirir:
·         İqtisadi artımı canlandırmaq;
·         İqtisadi artımın keyfiyyətini dəyişdirmək;
·         Əsas ehtiyacları təmin etmək;
·         Davamlı əhali artımını təmin etmək;
·         Təbii qaynaq ehtiyyatlarını qorumaq;
·         Texnologiyanı lazımi sahələrə və yenidən istiqamətləndirmək;
·         Qərar vermə zamanı ətraf mühitlə iqtisadiyyatı bir yerdə dəyərləndirmək.

Bu əsas məqsədlərə inkişafda həmrəyliyin və iştirakçılığın təmin olunması və beynəlxalq iqtisadi əlaqələrin yenidən istiqamətləndirilməsi də əlavə edilə bilər. Bununla da davamlı inkişaf strategiyası, ekologiyanın nizamlanması davamlılığı ilə birlikdə, ənənəvi inkişaf məqsədlərini təmin etmək istiqamətində ictimaiyyətin iştirakını təmin etməyi və tədbiq olunmasını əhatə edir. 
Davamlı inkişaf az gəlirlərin artımından əlavə effektiv artımı da ifadə edir. Buna görə də davamlı inkişaf strategiyası resursların sabit saxlanılması və ətraf mühiti və iqtisadi mühiti dəyişməyən bir vəziyyətdə saxlamaq istiqamətində deyil,  gəlir artımı, işsizliyin  və yoxsulluğun azaldılması kimi uzun zamanlı məqsədlər üçün effektiv istifadəsini əhatə edir.

İqtisadi artım və inkişafın xüsusilə İnkişafda olan ölkələr üçün əhəmiyyətli olması baxımından yoxsulluğun aradan qaldırılması və mühit-inkişaf subyektlərinin qarşılıqlı əlaqəsini qurmaq üçün beynəlxalq işbirliyinin əhəmiyyəti artmışdır. İnkişaf etmiş ölkələrin ətraf mühitin yaxşılaşdırılması və inkişafın təminatında İnkişafda olan ölkələrə kömək göstərmələri məsuliyyəti vardır. Bunun səbəblərini aşağıdakı kimi sıralamaq mümkündür:
·         İnkişafda olan ölkələrin hər zaman inkişaf etmiş ölkələrin ətraf mühit siyasətinə və təmiz texnologiyalarına ehtiyacı vardır.
·     İnkişafda olan ölkələrdəki effektiv ətraf mühit siyasətindən yaranan müsbət dəyişikliklər inkişaf etmiş ölkələrə də müsbət təsir edir.
·  İnkişafda olan ölkələrin qarşılaşdığı potansial problemlər (xüsusilə qlobal istiləşmə, ozon təbəqəsində incəlmə kimi problemlər), inkişaf etmiş ölkələrin yüksək istehlak imkanlarından yaranmaqdadır.
·       İnkişafda olan ölkələrdəki gəlir artım sürəti ölkənin iqtisadi inkişafı ilə bərabər inkişaf etmiş digər ölkələrin tədbiq etdikləri iqtisadi ticari siyasətlərindən və ticarətin və sərmaye bazarlarının əlaqəli inkişafından da asılıdır.

Yəni İnkişafda olan ölkələrdə ətraf mühit məsuliyyətinin artımı inkişaf etmiş ölkələr və bütün dünya üçün faydalıdır. Əslində ətraf mühitə uyğun iqtisadiyyatın əsas şərti davamlı inkişafdır. Ancaq bəzən davamlı inkişaf anlayışı sadəcə iqtisadi nöqteyi nəzərdən dəyərləndirilir. Belə bir dəyərləndirmə davamlı iqtisadi inkişaf yox, davamlı iqtisadi artım kimi qiymətləndirilməlidir. Məqsəd isə davamlı iqtisadi artım deyil, daha geniş ölçüdə və səviyyədə olan davamlı inkişafın təmin olunmasıdır.
Davamlı inkişafın təmin olunması ekologiyanı ümumi iqtisadi çərçivə içində bir faktor, amil olaraq görmək əvəzinə, iqtisadiyyatı ekoloji çərçivələr içinə daxil etməklə mümükün olacaqdır. Bunu nəzərə aldığımız zaman davamlı inkişafın kənd təsərrüfatı ilə əlaqəsini daha düzgün qəbul edə biləcəyik. Kənd təsərrüfatı ətraf mühitlə və buna bağlı resusrslarla sıx əlaqəli olduğu üçün bu sahədəki inkişaf və dəyişikliklərin davamlı inkişafa təsiri də əhəmiyyətli ölçüdədir.
Davamlı kənd təsərrüfatı və agrar inkişaf iqtisadi, ətraf mühit və ictimai-mədəni məsələlərin kənd təsərrüfatı siyasətinə daxil edilməsini ortaya qoyan bir strategiyadır. 1992-ci ildə Birləşmiş Millətlərin Ətraf Mühit və İnkişaf Konfransının (UNCED) Rio dünya sammitində qəbul edilən davamlı inkişafın tədbiq olunması üçün hazırlanan Gündəm 21 tədbirlər planı bunu ifadə edir:
 “Kənd təsərrüfatı və agrar sahədə davamlı inkişafın əsas məqsədi, ərzaq istehsalını davamlı olaraq artırmaq və ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu məqsədlə təhsil və tədris fəaliyyətləri, iqtisadi təşviqlərin istifadəsi, uyğun və yeni texnologiyaların çıxarılması və tədbiqi, bazar istiqamətli istehsal, yoxsulluğu azaltmaq üçün iş imkanı və gəlir məqsədilə təbii resusrsların idarə olunması və ətraf mühitin mühafizəsi vacibdir.

Kənd təsərrüfatının davamlı inkişafı, üç əsas məqsədi birləşdirməkdir: sağlam ətraf mühit, iqtisadi qazanc və ictimai, iqtisadi bərabərlik. Davamlı iqtisadi inkişaf gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanlarını təhlükə altına qoymadan bu günün ehtiyaclarını qarşılamaq prinsipinə söykənir.
Bu istiqamətdə kənd təsərrüfatında, agrar sektorda inkişaf strategiyalarının üç əsas məqsədi olmalıdır:
Birinci məqsəd ərzaq təhlükəsizliyidir. Ərzaq təhlükəsizliyi ölkənin özünü təminatı ilə gələcəkdəki təminatına əmin olmağı arasında uyğunluğun və davamlı bir tarazlığın, balansın qurulması ilə təmin edilə bilər. 
İkinci məqsəd, yoxsulluğun aradan qaldırılması məqsədidir ki, bu da kənd təsərrüfatı olan bölgələrdə iş təminatı və qazanc əldə edilməsi ilə mümkündür.
 Kənd təsərrüfatında davamlı inkişafın üçüncü məqsədi isə ətraf mühitin və təbii qaynaqların (resursların) mühafizəsidir. Bu məqsədlərə çatmaq üçün təhsil səviyyəsinin artması, kadrlardan və texnologiyalardan effektiv şəkildə istifadə olunması vacibdir.
Kənd təsərrüfatının davamlı inkişafı ilə əlaqədar düşüncələr və məsələlər, qloballaşma, sürətlə artan ətraf mühit problemləri, idarəetmədəki dəyişikliklər, demoqrafik dinamika, dünyadakı və ayrı-ayrı ölkələrdəki ictimai-iqtisadi dəyişikliklər kimi çox sayda faktorlara bağlı olaraq davamlı dəyişir. Ancaq əsas məqsəd bu sahədəki davamlı inkişafın təmin olunması və bunun ümumi davamlı inkişafa müsbət istiqamətdə təsir etməsini təmin etmək olaraq qalacaqdır. 

Mövzu ilə əlaqədar digər yazılar: 

No comments: