Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

22.5.13

2013 üçün TOP 10 İdarəetmə texnikaları və trendləri...

Hər hansı bir sahədə professionallığın yüksəlməsinin ən önəmli yollarından biri də həmin sahəyə aid dünyada baş verən yenilikləri, trendi izləmək, müqayisəli analiz etmək və mümkün olduğunca maksimum səviyyədə bunlardan öyrənərək, istifadə edərək, tətbiq etməyə çalışmaqdır.  

İdarəetmə sahəsində bu cür trendləri və araşdırmaları edən şirkətlərdən biri araşdırma və konsaltinq xidməti göstərən Bain&Company konsaltinq şirkətidir. Yazılarımızı davamlı təqib edən dəyərli oxucularım xatırlayar ki keçən ilin əvvəllərində Top 10 İdarəetmə texnikləri adlı yazımda bununla əlaqədar məlumatlar vermişdim. Burada adı qeyd olunan şirkət tərəfindən 2011 üçün hazırlanmış hesabat haqqında informasiyaları paylaşmışdım.
Artıq Bain&Company tərəfindən 2013-cü il üçün hazırlanmış hesabat yayınlanmışdır. Hesabatda dünyanın müxtəlif yerlərindən böyük, orta və kiçik şirkət idarəetməçilərindən sorğu və geniş araşdırma əsasında əldə olunan maraqlı məlumatlar yer almışdır.
Mən sizlərə 2013-cü il üçün idarəetməcilər tərəfindən hansı idarəetmə texnikaları Top 10 İdarəetmə texnikası və trendi siyahısına daxil olduğu haqqında məlumat vermək istəyirəm.

2008-2010-cu illər hesabatında ikinci sırada yer alan Stratejik Planlama 2013 üçün hazırlanmış hesabatda ilk sıraya sahib olmuşdur.
2008-2010-cu illərdə dördüncü olan CRM-Customer Relations Management  isə siyahının ikinci pilləsində yerini almışdır.

2013-cü il Top 10 İdarəetmə texnikaları siyahısına 2000-ci ildən bu tərəfə heç vaxt yer almayan yeni bir anlayış, idarəetmə texnikası, vasitəsi daxil olmuşdur. Və həm də ilk dəfə Top 10-a daxil olmasına baxmayaraq birbaşa üçüncü sıraya yerləşmişdir. İdarəetməçilər tərəfindən seçilən, rəğbət görən bu idarəetmə texnikası, vasitəsi Çalışanların Sədaqəti (bağlılığı) Sorğusu vəya idarəetməsi kimi qəbul edilən Employee Engagemant Survey-dir. Xüsusilə İnsan Resursları sahəsində olan idarəetməçi dostlarımızın diqqətinə artıq çalışanların önəminin daha üst sıralarda olmasını çatdırmaq istəyirəm. Məhz bu idarəetmə texnikası, vasitəsi haqqında növbəti yazılarımda geniş məlumat verməyə çalışacağam.  İndi isə siyahını davam edək.
Top 10 İdarəetmə texnikasının dördüncü sırasına 2008-2010-cu illərdə ilk yer tutan Benchmarking yerləşmişdir. Benchmarking geriləsə də hələ ən önəmli və faydalı qəbul görən idarəetmə texnikasıdır.

Top 10 siyahısının beşinci sırasına 2008-də siyahıya daxil olan və 2008-2010-da altıncı yeri tutan yeni idarəetmə texnikalarından biri -Balanced Scorecard yerləşmişdir. Bu idarəetmə texnikası da getdikçə şirkətlər tərəfindən daha geniş şəkildə istifadə olunmaqdadır.

Özünü doğruldan və getdikçə daha çox qəbul görən idarəetmə vasitələrindən biri Core Competencies altıncı sıraya yüksəlmişdir. Təməl qabiliyyətlər, bacarıqlar və idarəedilməsi   idarəetmə sahəsində öz önəmini qorumaqdadır.

Yeddinci idarəetmə vasitəsi, texnikası Outsourcing fəaliyyətidir. Biraz geriləsə də hələ də Top 10 idarəetmə texnikası siyahısında yer alır.

Siyahının səkkizinci pilləsində Top 10 siyahısına müxtəlif illərdə girən və çıxan Change Management qərarlaşmışdır. Yəni dəyişim və idarəedilməsi də rəğbət görən idarəetmə texnikalarından biri olaraq qalır.

Doqquzuncu pillədə idarəetmə sahəsində uzun illərdir yer alsa da nədənsə ilk dəfə bu araşdırma çərçivəsində Top 10-a daxil olan Supply Chain Management yer almışdır. Tədarük zəncirinin idarəedilməsi artıq idarəetməçilərin təqdirini qazanmışdır deyə bilərik.

Nəhayət siyahının sonuncusu 2008-2010-cu illər sıralamasında üçüncü olan Mission and Vision Statements-dir. Bu dəyərlər və vasitələr də hələ önəmini qorumaqdadır. Lakin göründüyü kimi Müştərilərə və Çalışanlara daha çox xitab edən və onlara dəyər verən idarəetmə texnikaları daha çox rəğbət qazanmaqdadır.

Ümumiyyətlə bu araşdırma çox genişdir. Müxtəlif məlumatlarla əhatə olunmuşdur. Bu informasiyaları paylaşmaqda məqsədim professional idarəetməni mənimsəyən və bu istiqamətdə addımlar atan vəya atmaq istəyən şirkətlərimizə və idarəetməçilərimizə dünyadakı öncül idarəetmə texnikaları və trendləri barədə məlumat vermək və fəaliyyətlərinə bu istiqamətdə bir qatqı göstərməkdir. Faydalı olacağı diləyi ilə...

Mövzu ilə əlaqədar digər yazılar:






No comments: