Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

6.2.12

Professionallıq nədir və bizim şirkətlərdə hansı səviyyədədir...

Yəqin ki mənimlə razılaşarsınız ki, ölkəmizin biznes və digər idarəetmə sahələrində mövcud problemlərin kökündə əsasən idarəetmənin qeyri professional (qeyri peşəkar) olması durur. Bunun obyektiv və subyektiv səbəblərinin var olduğunu da qəbul edirik. Bu yazımda professinallıq haqqında fikirlərimi qısaca sizə çatdıraraq müxtəlif sahələrdə idarəetmə kadrlarının öz professionallıqlarını artırmaq üçün hansı addımlar atmalarının önəmli olduğunu qeyd edəcəyəm.
İlk növbədə professionallıq nədir bunu izah edək...
 Professionallıq "profession" kəliməsindən yaranmaqda və mənası dilimizdə  profession -peşə, professionallıq isə peşəkarlıq deməkdir. Professionallıqdan söz edəndə hər şeydən əvvəl bunun hər hası bir işlə vəya bir əməklə bağlı olduğu unudulmamalıdır. Yəni professionallıq bir fəaliyyət prosesi ya da  nəticəsində ortaya çıxmalıdır. Hər hansı bir fəaliyyət göstərilməmişsə birinin bu işdə professional olduğunu demək doğru deyildir. Fəaliyyət nədən ibarətdir? Var olan bilginin bacarıqla istifadə edilməsi və üstün nəticə əldə edilməsidir.

Ölkəmizdə biznes idarəetmə tarixi olduqca yeni olduğu üçün obyektiv səbəb olaraq biznes mühitində idarəetmədə professionallıq dərəcəsi də aşağı səviyyədədir. Bu obyektiv səbəblər içində ən əsası mövcud iqtisadi rejim tarixinin çox yeni olması və buna görə sərbəst bazar iqtisadiyyatının tələb etdiyi idarəetmə məktəbinin demək olar ki yarana bilməməsidir. Bunu gecikdirən birbaşa olmasa da dolayı  səbəblərdən biri iqtisadi azadlıq indeksini (kağız üzərində deyil, realda) formalaşdıran şərtlərin təmin olunmamasıdır. İqtisadiyyat üzrə Nobel mükafatlı Hindistanlı ekonomist Amartya Sen "Development as Freedom" kitabında siyasi azadlığın yolunun iqtisadi azadlıqdan keçdiyini müdafiə edərək, insanlar əvvəlcə iqtisadi azadlığını təmin etməli və bunun siyasi azadlığa aparacaq yol olduğunu söyləyir.

Professional idarəetmə məktəblərinin formalaşmamasının bununla əlaqəsi nədir? Əlaqə bundadır ki, idarəetmə məktəblərində veriləcək bilgilərin real biznes mühitində istehsal edilmə və istifadə imkanı olmalıdır (təəssüf ki hazırda mövcud idarəetmə dərslərində əsasən praktik reallıqdan uzaq mövzular işlənir). İdarəetmə məktəblərində bir şey eşidib, idarəetmə təcrübəsində başqa şeylərə şahid olanlarda professionallıq arxa planda qalacaqdır.
Ancaq bu obyektiv səbəblə bərabər çoxlu sayda subyektiv səbəblər də mövcuddur ki, bu da professional idarəetmənin ölkədə formalaşmasını gecikdirir. Bunlardan biri sənaye-universitet işbirliyi-əməkdaşlığıdır. Növbəti məqalədə bununla əlaqədar fikirlərimi paylaşaraq davam edəcəyəm...

Professionallıq haqqında iş dünyasında istənilən qədər yazılmış kitab və yazılar vardır. Bəli bu kitab və yazılardan faydalanmaq mümkündür. Ancaq ölkədə idarəetmə mədəniyyətinin və idarəetmə məktəbinin formalaşmaması xüsusilə idarəetmədə professionallığın və professioanal idarəetməçilərin yaranmasında çətinlik yaradacağı fikrindəyəm.

Ölkəmizdə niyə idarəetmə mədəniyyəti formalaşmır və idarəetmə məktəbi yaradılmır? Bunun səbəblərindən biri adları ilk sırada çəkilən şirkətlərimizdə məhz "yabancı" bir sistemlə bəzən heç adaptasiyasız idarəetmə sisteminin tədbiq olunmasıdır. Bu idarəetmə mədəniyyətimizin və idarəetmə məktəbimizin yaranmasına mane olur. Çünki idarəetməçi insanlarımız bir növ sistemin əsirinə çevrilirlər və öz ideya və fikirlərinin formalaşdıra bilmirlər. Yəni idarəetməçilərimiz sistem qurmur, mövcud sistemdə fiquran rol oynayırlar.

Hər hansı bir sistemin qurulması isə bir növ özünü reallaşdırmaq deməkdir ki bu da professionallıqda ən vacib şərtərdən biridir. Yəni İdeya(fikir və bilgi)-İş-Nəticə professionallığın şərtidir. Və bunu bir geridönüşümlü trayektoriya kimi qəbul etsək, nəticələrdən ideyalar doğmaqdadır və bu da idarəetmə məktəbinin yaranmasına təkan verər.

İkinci bir səbəb isə kənardan  yerli kiçik və orta şirkətlərimizdəki idarəetmə professinoallığının yaranması və inkişaf etdirilməsi üçün həm nümunə alacaq vəya benchmarking aparacaqları şirkətlərin olmaması , həm də bu sahədə akademik sistemin düzgün istiqamətdə olmamasıdır.  Bu da yenə növbəti məqalədə bəhs edəcəyim sənaye-universitet əməkdaşlığı mövzusuna aiddir. Yeni məqalədə görüşmək diləyi ilə... 

No comments: