Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

15.2.12

Satış nədir? Satış menecerləri üçün nə ifadə edir?

"Uğurlu Satış Metodları" kitabımdan (Satış menecerləri üçün əl kitabı)


Satış sahəsində işləyən insanlar təmsil etdikləri şirkətin məhsul və ya xidmətlərinin müştərilərə tanıtımını, sifarişin alınmasını, malın təslimi və ödəməsini almaqla bərabər şirkətin müştəri ilə əlaqələrini yaradır, həyata keçirir və inkişaf etdirir. Yəni satış sadəcə sifarişin alınması və malın təslimi deyildir. Eyni zamanda müştərilə əlaqə yaradıb onu inandırmaq və bu əlaqənin, münasibətin davam və inkişaf etdirilməsi fəaliyyətidir.

Satışla məşğul olan insanların əsas vəzifə yerləri sahədir. Bölgə satış menecerləri satış heyəti içində sahə insanları kimi qəbul edilməkdədir. Satış menecerləri üçün sahə, fəaliyyət göstərdiyi bölgədə yerləşən satış nöqtələri və ya mağazalardır.
Uğurlu satış meneceri üçün satış əslində bir həyat tərzidir. Şirkətdə ən önəmli (önəm verilməsi vacib olan) insanlar onlardır. Həm şirkətin satış heyəti içində, həm də rəqib şirkətlərlə daim rəqabət mühitində olduqları üçün onlarda stres səviyyəsi bir az yüksəkdir.
Satış düzgün həyata keçirildiyi zaman dünyada ən maraqlı iş, səhv həyata keçirildiyi zaman isə ən çətin sənət kimi qəbul edilir.
Satış, satış işi, satıcılıq fəaliyyəti haqqında ümumi anlayışları nəzərə alaraq satışın aşağıdakı dar və geniş mənada tərifini söyləmək mümkündür.
Dar mənada satış; bir malın, xidmətin, fikrin və ya faydanın
- Ən uyğun yerdə
- Ən uyğun zamanda
- Ən uyğun insana
- Ən uyğun üsulla
- Ən uyğun qiymət qarşılığında mübadilə edilməsi fəaliyyətidir.
Sifarişi alınan ancaq təslim edilməmiş və ya ödəməsi həyata keçməmiş sifarişlər satış olaraq qəbul edilə bilməz.
Geniş mənada satış insanları anlamaq sənətidir. Müştərilərin fikir və düşüncələrini düzgün və lazımi suallar soruşmaqla, məntiqən və etibar qazanmaqla dəyişdirə bilmək bacarığıdır. Burada müştərilə əlaqə, ünsiyyət qurmaq və inkişaf etdirmək daha vacib məqamlardır.
Geniş mənada satış, öz xüsusiyyətlərinə görə FƏRDİ SATIŞ olaraq da adlandırılmaqdadır.
Satışın geniş mənada tərifindən yola çıxaraq satışla əlaqədar digər ünsürləri də ələ aldığımız zaman FƏRDİ SATIŞ və ya geniş mənada satış haqqında aşağıdakıları söyləmək mümkündür:
Satış şirkətin lokomotividir.
Satış şirkətin marketinq fəaliyyətlərinin ən önəmli hissəsidir.
Satış istehsal fəaliyyətlərindən sonra həyata keçirilən bir prosesdir. Başqa bir mənada mal və xidmətlərin pula çevrilməsidir. Buna görə də satış şirkətin lokomotivi adlandırılır.
Satışın iki əsas əhəmiyyəti:
1-Satış şirkətə qazanc gətirir: istehsal olunan malın satılması və qazanc gətirməsi şərtdir. Şirkətin digər strukturlarının xərcləri ilə birlikdə qazanc gətirici tərəfi yoxdur və ya azdır. Satış isə hər zaman şirkətin qazanc gətirən hissəsidir.
2-Müştərilərlə birbaşa qarşılaşmaq və əlaqə saxlamaq: Satış xaricindəki digər strukturlar da bəzən müştəri ilə görüşsə də, müştəri ehtiyac və istəklərinin ən düzgün öyrənilməsi, və müştəri məmnuniyyəti və problemlər satış vasitəsilə digər hissələrə çatdırılır.
Ümumiyyətlə, satış hissəsi müştəri ilə şirkət arasında vasitəçilk funksiyasını həyata keçirir.
Satış bir inandırma sənətidir.
İnsanları inandıraraq fikirlərini dəyişdirmək və ya istiqamətləndirməkdir. İnandırmanın ən yaxşı üsulu isə qarşıdakı insana sual verərək onu düşündürmək və təklif ediləcək mal və xidmətə ehtiyacı olduğu düşüncəsini  yaratmaqdır.
Satış bir ünsiyyət, əlaqədir.
İki tərəf- alıcı və satıcı arasında meydana çıxan və əsas dayanacağı etibarlılıq olan əlaqələrin qurulması və inkişaf etdirilməsidir.
Satış statistika (hesablama və analiz) işidir.
Bir satış meneceri,
- nə qədər çox mağaza ziyarət edərsə,
- nə qədər çox müştəri və müştəri namizədlərilə görüşərsə,
- nə qədər çox təkliflər verərsə,
- nə qədər çox təqdimat edərsə o qədər çox satış həyata keçirər.
Satış sadəcə sifarişin alınması deyil.
Satış eyni zamanda:
- Ziyarət olunan və olunmayan mağazaların (müştərilərin) siyahısını hazırlamaq;
- Verilən təkliflərin hesabatını aparmaq;
- Hər bölgəyə, rayona, mağazaya olan satışları analiz etmək;
- Müştərinin inkişaf etdirilməsi üçün hansı tədbirlərin görülməsini öyrənmək;
- Satış planının həyata keçirilməsini analiz edərək daim nəzarətdə saxlamaq və s. kimi statistika və hesablama (analiz) fəaliyyətlərini də əhatə edir.
Və ən nəhayət, Satış bir prosesdir.
Satış sadəcə səhər saat 9:00-da başlayıb axşam saat 18:00 da sona çatan bir iş deyildir. Satış bir həyat tərzidir. Satış hər zaman həyata keçirilə bilər: yolda, səyahətdə, yeməkdə, dost toplantısında və s. Satış eyni zamanda sadəcə sifarişin alınması deyil, uzun bir prosesdir.

No comments: