Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

17.12.12

Satış menecerlərinin şəxsi xüsusiyyətləri nələr olmalıdır?...

    Satış sistemi nə olur olsun bu sahədə çalışan satış menecerlərinin xüsusiyyətlərini iki əsas hissəyə ayırmaq mümkündür. Bunlardan biri satış menecerlərinin şəxsi xüsusiyyətləridir. İkinci isə satış menecerinin sistemdən qaynaqlanan xüsusiyyətləridir ki növbəti yazılarda bunu da bloqda işıqlandıracağam. Bu yazıda isə Satış menecerinin şəxsi xüsusiyyətlərinin nələr olması haqqında düşüncələrimi Siz-dəyərli oxucularımla paylaşmaq istəyirəm.  Satış menecerlərinin satış sistemindən asılı olmayan şəxsi xüsusiyyətləri  əsas etibarilə aşağıdakılardan ibarət olmalıdır:
i)     Satış menecerlərinin    Məsuliyyət duyğusu yüksək olmalıdır.
Vəzifə özü ilə bərabər məsuliyyəti də yaradır.
Satış menecerlərinin öz işlərinin məsuliyyətini başa düşmələri və buna görə işləmələri istənilir.  Bu məsuliyyətlər nələrdir?
-         Şirkətə qarşı məsuliyyət
-         Üst rəhbərlərinizə qarşı məsuliyyət
-         İş yoldaşlarınıza qarşı məsuliyyət
-         Müştərilərinizə qarşı məsuliyyət
ii)      İşində uğurlu olmağı hədəf götürməlidir.
Satış işi çətin peşələrdən biridir. Çətin peşələrin öhdəsindən isə asanlıqla gəlmək heç vaxt mümkün deyildir. Buna görə də hər bir satış adamı əzm və şövqlə işləməlidir. Həvəssiz və əzmi az olan insanın motivasiyası da az olur. Əzminiz bir işin öhdəsindən gəlməyinizi qarşılayacaq səviyyədə yüksək olmalıdır.
iii)    Sənəd işlərindən və hesabat hazırlamaqdan sıxılmamalıdır və düzənli olmalıdır.
Əldə olunan informasiya və bilgiləri hesabat şəklinə salaraq bu hesabatı öz performansınızı artırmaq məqsədilə istifadə etməyiniz vacibdir. Satış menecerlərinin sahədəki fəaliyyətlə birgə əldə olunan məlumatları analiz etmək və istifadə etmək bacarığı da çox önəmlidir.
Ofisdə sənəd və faylların, ofis ləvazimatlarının, kompyuter və digər əşyaların nizamlı olması sizin işdə nizam intizamlı olmağınızı göstərir. Buna görə də bunlara diqqət etmək lazımdır.
iv)    İnandırma qabiliyyəti olmalıdır.
Satış meneceri, öz işinin tələb etdiyi şəkildə verilən təlimlərdən öyrəndiklərini sahədə həyata keçirərək müştərilərlə ünsiyyət qurma bacarıqlarını artırmalı, müştəri etirazlarını həll edərək onların məmnuniyyətini qazanmalıdır.
v)      Mütləq insanları itirməyə deyil, qazanmağa istiqamətlənmiş davranışlara sahib olmalıdır.
Satış insanlarla əlaqədar peşə olduğu üçün həm işdəki insanlarla, həm də müştərilərlə çox səviyyəli və hörmətəlayiq əlaqələr qurmaq lazımdır. Daim insanları itirəcək istiqamətdə deyil, onları qazanacaq şəkildə ünsiyyət yaradılmalıdır.
vi)    Təşəbbüs göstərmə istəyi və bacarığı olmalıdır.
Sizə verilən səlahiyyətləri necə və hansı ölçüdə istifadə edəcəyinizə siz qərar verməlisiniz. Buna təşəbbüs göstərmə deyilir. Səlahiyyət çərçivəsini aşmadan uyğun şəkildə istifadə edəcəyiniz təşəbbüs sizin işdəki peşəkarlığınızı və performansınızı artıracaqdır.
vii)  İş əxlaqı olmalıdır.
İş əxlaqı,  iş vaxtına riayət etmək kimi sadə normativdən başalayaraq  şirkət sirlərini saxlamağa qədər geniş  məna daşıyır. İş əxlaqı satış adamında ən yüksək səviyyədə olmalıdır. Çünki satış adamları birbaşa şirkəti şirkət xaricində təmsil etmək funksiyasına malikdir.
viii)      Səbrli olmalıdır, əsəblərinə hakim və stress altında işləməyi bacarmalıdır.
Bu xüsusiyyətlər sizin şəxsi keyfiyyətlərinizin bir hissəsi olduğuna görə, sizin gücünüzü və gücsüzlüyünüzü üzə çıxarır və təyin edir. Satış sənətinin usta sənətçilərinin davranışları “səfir davranışları” kimi olmalıdır.
ix)    İşlədiyi şirkətin mədəniyyətini, fəaliyyət göstərdiyi ölkənin, bölgənin və bazarın adət ənənələrini bilməlidir.
İşlədiyiniz şirkətin mədəniyyəti, fəlsəfəsi, missiyası, visionu sizin də mədəniyyətiniz, fəlsəfəniz, missiyanız, visionunuz olmalıdır. Bunu bütün fəaliyyətlərdə hiss etməlisiniz.
Əlaqədə olduğunuz insanların ticari dilini, adət-ənənələrini, nələr dəyər və önəm verdiklərini bilməli və buna hörmət etməlisiniz.
Eyni vaxtda müştəilərinizin müştərilərinin də dilini, dəyərlərini, adət-ənənələrini bilməniz vacibdir. Çünki bunları bilməsəniz öz müştərilərinizi və davranışlarını başa düşməkdə çətinlik çəkəcəksiniz.
x)      Özünə inamı olmalıdır.
Özünə inam satış peşəsinin çox əhəmiyyətli bir hissəsidir. Özünə inanmayan başqalarını da inandıra bilməz və ya başqalarında inam yarada bilməz. Öz şəxsiyyətiniz, şirkətiniz, xidmət səviyyəniz, sisteminiz, brendləriniz və s. bu inam hörgüsünün bir parçası olacaqdır.
Bu hörgünü sağlam qurmağınız üçün hər bir parça sağlam və etibarlı olmalıdır.
xi)    Yeniliyə, öyrənməyə, təlimlərə açıq olmalıdır.
Ən təhlükəli  işçi hər şeyi bildiyini düşünən işçidir. Şəxsi professional inkişafa açıq olmayan satış meneceri müəyyən vaxt sonra həm özünə, həm də şirkətə zərər verəcəkdir. Xüsusilə satış sahəsi daim praktik fəaliyyətlə və təlimlərlə inkişaf etdirilməli olan bir sahədir. Eyni zamanda rəqabətin artması, məhsulların yenilənməsi, bazarın  və xüsusiyyətlərinin vaxtaşırı dəyişməsi bu sahədə yeniliklərlə dolu təlimlərin vacibliyini artıracaqdır.
xii)  Şəxsi həyatı hüzurlu olmalıdır
Bütün işlərdə olduğu kimi, satış işində işləyənlərin də şəxsi problemlərini işə qatmaması vacibdir. Ancaq bu çətin olduğuna görə şəxsi həyatınızda daim rahat və xoşbəxt olmağınız çox əhəmiyyətlidir. Şəxsi həyatınızdakı rahatlıq işinizə müsbət təsir göstərəcəkdir.
xiii)      Komanda  ilə işləyə bilməli və komanda işinə komək edə bilməlidir.
Satış meneceri olaraq sahədə, rutlarda nə qədər tək olsanız da arxada müştərilərinizi malla təmin edən logistik heyətin olduğunu yaddan çıxarmamalısınız. Müştərilərinizin məmnuniyyəti sadəcə sizin yaxşı ünsiyyətinizlə deyil, eyni zamanda sifarişlərinin vaxtında və düzgün çatdırılması ilə də sıx bağlıdır. Bunu həyata keçirən logistika heyəti ilə münasibətlər ən üst səviyyədə və sistemli olmalıdır.
xiv)       İşini sevmək, işindən razı olmaq çox əhəmiyyətlidir.
Hər bir iş istənilmədən, sevilmədən görülərsə, nəticəsi istənilən kimi olmayacaqdır. Peşəyə və gördüyünüz işlərə olan istək və rəğbət sizin yorğunluğunuzu müəyyən dərəcədə unutduracaq və sizə ruh yüksəkliyi gətirəcəkdir.

"Uğurlu Satış Metodları" kitabımdan...Kitab yeni ildə işıq üzü görəcəkdir.

3 comments:

Rza Huseynov said...

Ela yazidi.Bele vacib movzulari ele aldiginiza gore Size teshekkur edirik.

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

Tesekkurler Cebrayil Bey! Gozel yazidir!
Tam da bizi anladmisiniz )))