Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

30.11.12

Fərdi və ictimai inkişafda IQ kifayət etməz...EQ, MQ, BQ və digər "Q"-lər də lazımdır!

Bir vaxtlar hamıda maraq oyandıran IQ intellektual zeka zəmanəmizdə fərdi inkişaf və toplumun inkişafı üçün kifayət etmir. Artıq həm fərdi, həm də toplumun inkişafında digər zəka növləri də dəyərləndirilməli və hesaba alınmalıdır. Müxtəlif xarici universitetlərdə (MIT-Massachusetts Institute of Technology) və araşdırma mərkəzlərində (Carnegie studies) aparılan araşdırmalarla bunları təsdiqləyici yazılar yayınlamağa (HBR, Forbes) başlayıblar. Nələrdir bu zəka növləri?  Mən bu yazıda IQ -dən əlavə digər əsas 3 zəka faktoru haqqında bəhs edəcəyəm. Gəlin elə IQ-nün özündən başlayaq...

IQ-İntellektual zəka... məntiqi (logical) təsəvvürün, yanaşmanın və texniki bilgilərin əsas alındığı zəka səviyyəsi. İntellektual zəkada rasional-məntiqi yanaşma,
texniki bacarıqlar kimi  faktorlar ön planda olduğu üçün burada fərdilik xüsusiyyəti daha üstündür. İnkişaf nöqteyi nəzərindən IQ hər bir insanın sırf özünə məxsus olduğu üçün əsasən fərdi səviyyədə qalmaqdadır və toplum inkişafında yetərsiz təsirə malikdir.
Eyni zamanda fərdi səviyyədə də IQ-nün xüsusilə iş həyatında, idarəetmə və korporativ inkişafda önəmli olduğu amma yetərsiz qaldığı müxtəlif araşdırmalarda qeyd edilir. Nümunə olaraq Carnegie Institute of Technology araşdırmasına görə finansal uğur qazanmada "human enginering"-in yəni kimlik-şəxsiyyət, ünsiyyət bacarığı, liderlik xüsusiyyəti kimi faktorların payı 85%-dir. Texniki biliklərin payının isə cəmi 15% olduğu irəli sürülür. Daha sonralar intellektual zəkanın davamı olaraq və bu əksiklikləri tamamlamaq məqsədilə emosional zəka ortaya çıxmış və IQ testləri bərabər EQ testləri də müxtəlif sahələrdə tətbiq edilməyə başlamışdır.

EQ- Emotional Intelligence-Emosional zəka... özünün və başqalarının emosiyalarının nələr olduğunu anlamaq, özünün və başqalarının emosiyalarını düzənləmək, idarə etmək, bu emosiyalardan situasiyaya görə istifadə etmək bacarığıdır. EQ idarəetmə və qarşılıqlı əlaqələrdə geniş istifadə edilir. Emosional zəkaya təsir edən başlıca faktor isə stressdir. Ona görə də stresslə mübarizə aparmaqla, stressiz həyat yollarını öyrənməklə,cemosional zəkanın üst səviyyədə qalmasına çalışmaq lazımdır. EQ xüsusilə korporativ və dövlət idarəetməsində, komanda işi, liderlik və ictimai fəaliyyətdə çox önəmli təsirə malikdir.

MQ-Moral Intelligence-Mənəvi zəka(idrak)... Emosional zəkadan sonra ortaya çıxan anlayışdır. Mənəvi zəkada əsas faktorlar bütünlük (fikirdə və əməldə), məsuliyyətlilik, simpatiya və bağışlama xüsusiyyətləridir. Öhdəliklər götürmək və bunu məsuliyyətlə həyata keçirmək, xoşgörülü olmaq və səhvləri bağışlamaq, pozitiv və inkişaf meyilli düşüncə fəaliyyətlərə üstünlük vermək mənəvi zəkanı gücləndirir. Eyni zamanda başqalarının simpatiyasını və rəğbətini qazanmaq, digər insanların əksik yönlərinə toleranslı olmaq və onları olduğu kimi qəbul etmək də MQ-nü qüvvətləndirir.

BQ-Body Intelligence-Bədəni zəka... Öz bədəni quruluşunu (fiziki halını) öyrənmək, qəbul etmək, ona necə davranmağı bilmək və bundan istifadə etmək kimi xüsusiyyətləri əhatə edir. Burada ilköncə insanın bu istiqamətdə özü ilə barışıq olması, özünü olduğu kimi qəbul etməsi, bundan sonra isə bədəndən gələn siqnallara vaxtında reaksiya verməsi və tədbir görməsi çox önəmlidir. "Sağlam bədəndə sağlam ruh olar" deyimi də buna əsaslanır. Bədəndə baş verən mənfi reaksiyalar insanın mənəvi, emosional halına bilavasitə və ya dolayı təsir edir. Və bu da insanın performansına, digər insanlarla əlaqəsinə və münasibətinə təsir edir.

Bəli IQ önəmlidir, lazımlıdır, amma yetərli deyil. IQ fərdi xarakterdədir, fərdə məxsusdur. Ancaq EQ, MQ, BQ fərdlə bərabər ətrafda olan digər insanların da faydasınadır. Və buna görə də cəmiyyətin inkişafında da müsbət təsir effektinə malikdir.

Burada bunu da qeyd etmək lazımdır ki, ölkəmizdə həqiqətən müxtəlif sahələrdə fərdi uğurların var olduğunu ancaq bunun ictimai effektinin az və ya yetərsiz olduğunu söyləyə bilərik. Bu  elm və  idarəetmə sahəsində də özünü daha açıq göstərir. Fərdi uğurların ictimai effektini artırmaq üçün ilk növbədə buna münasibətin dəyişməsi, sistematik istifadəsi və yayılması (müsbət externallity) çox önəmlidir. Bu faktorların ictimai effektini əldə etmək üçün idarəetmə sahələrinin (özəl və ya dövlət) hər birində bu faktorların önəmli hesab edilməsi və kadrların bu istiqamətdə məlumatlandırılması və inkişaf etdirilməsi vacibdir.

İnkişafımızda faydalı olması diləyi ilə...

No comments: