Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

18.9.12

TİCARƏT- ÜZEYİR BƏY HACIBƏYOVDAN...

Üzeyir Hacıbəyovun qələmindən çıxan bu felyetonu
bu gün dahinin döğum günü münasibətilə
bloqumda yayınlamaq içimdən gəldi...
TİCARƏT
İnsanların həyat və məişətində ən böyük rol oynayan xüsusi ticarətdir.
Ticarət insanların kəsbi-rüzusi üçün bir vasitə olmaqdan başqa, din, milliyyət, sinif, firqə və sairə bu kimi ayrılıqlarla
bir-birindən ayrılmış olan insanlar arasında bir münasibət və bir
rabitə təşkil edir və bununla insanları bir-birinə yaxınlaşdırır.
Bundan əlavə ticarət öz-özlüyündə hər bir insanı tərəqqiyə sövq
edən, ağlını artıran, gözlərini açıq edən və huşyar qılan bir
vasitədir.
Ticarətin insanın ruzusu üçün bir vasitə olması aşikardır.
Odur ki, ticarətləri tərəqqi etmiş bir dövlətin və dövlətin təbəəsi
olan camaatın sərvət və samani, ticarəti tənəzzüldə olan dövlət
və camaatlardan qat-qat artıqdır. Zatən, ticarət olmasa, dövlətin
xəzinəsi də dolu olmaz. Odur ki, hər bir dövlət, öz camaatının
ticarətini artırmaq üçün əlindən gələn tədbirləri müzayiqə
etmir. Dövlətlər arasında ittifaq düşən müharibələrin bir çoxu
da ticarət üstündədir. Bu gün Amerikanın, İngiltərənin bir o
qədər sərvət və samanə malik olmalarına səbəb məhz
ticarətlərinin tərəqqisidir.
Heç bir dostluq, aşinalıq insanları bir-birinə o qədər
mərbut edə bilməz, necə ki, ticarət. Ticarət işində haqq və
hesab düz olsa və rəqabət öz qaydası hüdudundan xaric
çıxmasa, insanlar arasında heç bir münaziə və münaqişə
törəməz. Çünki mənafeyi-ümumiyyəni xəlaldar edəcək hadisələrə
heç bir tərəf razı olmaz.
Tarix göstərdiyi üzrə ən qədim zamanlardakı insanlar
arasında hələ ticarət yox idi; o vaxtlar ovçuluq, maldarlıq və
köçərilik ilə yaşayan insanlar arasında da heç bir rabitə və
münasibət yox idi. O vaxt insanlar bir-bnrinə biganə idilər, yad
idilər. Bir-birlərindən vahimə edirdilər. Aralarında etibar və
etimad yox idi. Lakin insanlar köçərilikdən, ovçuluqdan əl
çəkib oturaq halda yaşamağa başladıqdan sonra bunların
arasında ticarət başladı və getdikçə tərəqqi edib bu ticarət
sayəsində insanlar bir-birini gördü, tanıdı, bir-birinə yaxınlaşdı.
Aralarında etibar və etimad törədi... və bunun sayəsində idi ki,
şəhərlər tikildi, yollar açıldı və insanın hər yerə yolu oldu.
Yuxarıda ərz olunduğu üzrə ticarət insanın ağlını artırır,
huşyar edir. Doğrudan da ticarətə məşğul olan adam hər yerdə
öz mənafeyini güdmək, gözləmək və artırmaq üçün cürbəcür
vasitələr, vəsiqələr arayıb, səyahətə məcbur olur, körmədiyini
görür, bilmədiyini bilir, özündən şeylər icad edir, qərəz hər
halda fikrini açıq saxlamağa vadar edilir.
Təəssüflər olsun ki, biz hər bir işdə pəsmanda olduğumuz
kimi, ticarət işində də çox geridə qalmışıq. Sairləri bütün
fikir və ağıllarını öz ticarətlərinin tərəqqisi yolunda sərf etdiyi
bir zaman, biz də başımızı puç və mənasız xəyalət ilə doldurub,
bir-birimizin canına düşmüşük ki, filan adam, filan yerdə belə
oldu, filankəsin əqidəsi gecdir. Filan adam papağını düz
qoymur və s. Əziz olan vaxtımızı da hamamlarda keçirmişik. O
səbəbdəndir ki, tiçarətimiz tərəqqi etməyibdir. Sairlərə möhtac
olmuşuq. Hal-hazırda da özgə tayfalardan götürülmüş olan on
nəfərin beşi tacir, üçü sənətkar, ikisi alim olduğu halda, bizdən
götürülmüş on nəfərin üçü tacir, biri sənətkar, yarımalim,
qalanları da müftəxorlardır. Zatən hal-hazırda da bizim
tərəqqimizə mane olanlar da həmişə müftəxorlardır ki, puç və
çürük xiyalat ilə ticarət və sənətə məş-ğul olan adamlarımızı da
işdən-gücdən fariq edib qoymurlar ki, xalq öz fikirlərini öz
işlərinin tərəqqisi yolunda sərf etsinlər. O səbəbdəndir ki, bizim
tacirlərin çoxusunda gözüaçıqlıq yox, şövq və həvəs yox,
kəsalət, ətalət bol-bol, rəqabət nə olduğunu və nə yol ilə rəqabət
faydalı olduğunu əsla bilməz, buna görə də ticarəti tərəqqi
etməz. Alma satandırsa ömrü olanı alma satan qalar,
baqqaldırsa, ölənə qədər baqqal olar, müştəri cəlb etmək
vasitəsini anlamaz, ticarəti yolunda lazım olan bilik və
təcrübələrə heç əhəmiyyət verməz. Özünün də tövsei ticarət
işində heç bir çürəti olmaz.

2 comments:

Rza Huseynov said...

Mukemmel !

Jeyhun Ashurov said...

cox gozel deyib.deyishmek, inkishaf etmek ,oyanmaq zamanidir!Bize agilli aciq fikirli,muftexor olmayan sahibkarlar lazimdir!