Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

19.11.12

Satış müdirləri haqqında silsilə yazılar...-1 Satış müdirlərinin hakimiyyəti...

Çoxdandır ki, bloqda məni narahat edən başqa mövzulara yer verdiyim üçün satışla əlaqədar yazılara ara vermişdim. Yenidən satışla əlaqədar yazıları davam etdirmək niyyətindəyəm. Təbii ki vaxtaşırı digər mövzularda da yazılar olacaqdır. Satışla əlaqədar indiyəcən yazdığım yazılar əsasən satış menecerləri haqqında idi. Oxucularımdan aldığım feedback-lərdə satış müdürlərinin idarəetmə bacarıqları, fəaliyyətləri haqqında da yazılara ehtiyac və tələb olduğunu gördüm. Ona görə də Satış müdirləri haqqında silsilə yazılarla bu tələbləri müəyyən ölçüdə qarşılamağı düşünürəm. Faydalı olacağını ümid edirəm.

Elə ilk yazıda satış müdirləri üçün daha önəmli hesab etdiyim bir mövzuya toxunmaq istəyirəm.
 Bu da onların "hakimiyyət"ə sahib olması məsələsidir.
Satış müdirlərinin hakimiyyəti və ya hakimiyyətə sahib olması dedikdə nələri nəzərdə tuturam? Satış müdirlərinin hakimiyyəti əsasən 3 istiqamətdə olmalıdır.

1. Vəzifədən irəli gələn hakimiyyət -buna vəzifə hakimiyyəti də deyə bilərik.
2. İxtisasdan, peşədən, təcrübədən gələn hakimiyyət- buna mütəxəssis hakimiyyəti deyə bilərik 
3. Şəxsiyyətlərindən gələn hakimiyyət qabiliyyəti- Şəxsiyyət (Fərdi) hakimiyyəti

Vəzifə hakimiyyəti: Satış müdirlərinin öz komandasını idarə etmək, öz işi ilə əlaqədar səlahiyyət sahibi olmaq və qərar verə bilməsi vəzifə hakimiyyətindən irəli gəlir. Vəzifə hakimiyyəti -vəzifə verildiyi gündən başlayır, ancaq təmin olunması, buna nail olunması uzun vaxt ala bilər. Satış müdirinin vəzifə hakimiyyətini təmin edən vasitələr isə onun səlahiyyətləridir. Satış müdirləri bu hakimiyyətə o vaxt sahib ola bilərlər ki sözdə vəzifəyə deyil, real və daim istifadə edə bildiyi səlahiyyətlərə sahib olsun. Səlahiyyətlərə müdaxilə digər idarəetməçilərdə olduğu kimi, satış müdirlərinin vəzifə hakimiyyətindən istifadə etmələrinə mane olacaqdır. Ona görə də vəzifəyə uyğun səlahiyyətlər əvvəlcədən və fəaliiyyət boyunca əldə edilməlidir. Bu barədə bir-iki misal çəksək, Satış müdirindən xəbərsiz və ya razılığı olmadan onun satış komandasına işçi almaq və ya işçini azad etmək, satış müdirindən xəbərsiz və ya fikri alınmadan hansısa müştəriyə özəl endirim, özəl kredit limiti vermək  kimi müdaxilələrdir ki, satış müdirinin vəzifə hakimiyyətinə kölgə salır, zərbə vurur. Təbii ki bu səlahiyyətlərin əldə edilməsi üçün İNAM QAZANMAQ vacib məsələdir. İnam qazanan satış müdirlərinin səlahiyyətlərinə müdaxilə ya çox az olar ya da heç olmaz.

Mütəxəssis hakimiyyəti: Bu hakimiyyəti satış adamları öz işininin ustası, peşəkarı olmaqla əldə edə bilərlər. Siz öz işinizin ustası, peşəkarı kimi tanınır və qəbul edilirsinizsə o zaman bu hakimiyyətə yiyələnmiş olursunuz. Şirkət daxili digər heyətlər, əməkdaşlar, müştəriləriniz  və əlbəttə ən əsası rəhbəri olduğunuz komandanız sizi bir mütəxəssis kimi görürlər və qəbul edərlərsə sizin bu komandanı idarə etmə və komandaya təsir etmə gücünüz artacaqdır. Ona görə də satış müdirləri xüsusilə öz işlərinin peşəkarı olmalıdırlar və olmağa səy göstərməlidirlər.

Şəxsiyyət hakimiyyəti:  Ümumiyyətlə hansı sahə olursa olsun, insan nə qədər çox insanın rəğbətini qazansa təsir etmə gücü o qədər yüksək olacaqdır. Satışda və satış komandasını idarəetmədə isə bu daha da önəmlidir. Qazandığınız rəğbətə və hörmətə görə idarə etdiyiniz insanların sizə inamı artacaq, sizi dinləyəcək  və göstərişlərinizi asanlıqla qəbul edib həyata keçirəcəklər.

Və sonda aşağıdakı addımların izlənməsi vacibdir!

1. Öz səlahiyyətlərinizi dəqiqləşdirin;
2. Komandanıza hakimiyyətinizi bildirin (Bilsinlər ki rəhbərləri kimdir...);
3. Hakimiyyətinizi bacarıqla istifadə edin;
4. Nəticə istiqamətli olun!
Çünki biznesdə və satışda nəticə daha önəmlidir! Nəticə sizə yuxarıdakı hakimiyyətlərinizin möhkəmlənməsinə təsir edəcəkdir!

Faydalı olacağı ümidiylə...
Satış ilə əlaqədar digər yazılar...


4 comments:

Rza Huseynov said...

Yaxshi, faydali yazidi. Ancaq 3-cu hissede shexsiyyetin hakimiyyeti meselesinde sadece regbetin rol oynadigi ile razi deyilem. Orda hem regbetm hem de mueyyen qeder "qorxu" rol oynayir.

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Teshekkur edirem! Razilasha bilerem. Bir sheyi de qeyd etmek isteyirem ki "qorxu"-nu v'zif' hakiyyətinə salmaq daha uyğun olar... Şəxsiyyət hakimiyyətində qorxunun istifadə olunmasını əxlaqən dogru hesab etmirem:)

Rza Huseynov said...

Razilashiram. Eslinde buna tam olaraq qorxu da demek istemirem. Qorxu ve nufuzun ortasinda bir hiss demek olar.

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Bəli, həmin faktorun təsiri böyükdür!