Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

15.11.12

Ana dilimizdə izahlı marketinq lüğəti...

Ana dilimizdə izahlı marketinq lüğətinə ehtiyac var ya yoxdur...?
Artıq xeyli müddətdir  özverili (bu kəlimənin dilimizdə qarşılığını tapa bilmədim) marketoloq dostların təşkil etdiyi və gənclərimizin faydalandığı Marketing Air havası əsir. Əvvəlcə bu marketoloq dostları belə bir fəaliyyətləri üçün alqışlayıram və Marketinq Air-ə uğurlar arzulayıram. Eyni zamanda bu Marketing Air havasına məni də qoşduqları və qonaq qismində təlimçi kimi dəvət etdikləri üçün onlara və xüsusilə İlkin müəllimə təşəkkür edirəm. Gənclərlə marketinq ab-havasında görüşmək və müzakirələr aparmaq xoş  və sevindiricidir. İndi isə yazımızın əsas məğzinə keçmək istəyərdim.
 Bəli əziz marketoloqlarımıza və bu sahə ilə əlaqəli olanlarımıza ünvanladığım bu sual "Ana dilimizdə izahlı marketinq lüğətinə ehtiyac var ya yoxdur...?" məni bir neçə ildir çox düşündürür. Artıq 3 ildən çoxdur ki bu sahədə tədris və təlimlə məşğul olduğum üçün cəmiyyətimiz üçün yeni sayılan bəzi elmlərin dilimizdə izah edilməsinin, tədris edilməsinin çətinliyinə birbaşa şahid oluram. Bunun səbəbləri məlumdur ki, bu elmlər bizim cəmiyyət üçün yenidir, bu elmlərə aid soz və kəlimələr təbii olaraq sosializm cəmiyyətində istifadə edilməyib və ya istifadə olunsa da o sistemin tələb etdiyi məna və şəkillərdə istifadə olunubdur.

Belə sahələrdən biri də MARKETİNQ-dir. Marketinqlə əlaqədar az da olsa dilimizdə müxtəlif kitablar və tərcümələr vardır. Ancaq bu kitablara baxdığımız zaman çoxlu kəlimələr var ki fərqli tərcümə olunubdur. Məsələn product-bəzi kitablarda məhsul, bəzilərində mal, bəzilərində isə əmtəə kimi... Promothion-bəzi kitablarda stimullaşdırma, bəzilərində irəlilətmə bəzilərində promouşn və s. kimi tərcümə olunur. Bu cür kəlimələr az deyil. Bəs xarici dil bilməyən və ya dil öyrənənə qədər gənclərimiz bu cür qaynaqlardan istifadə etdikləri zaman  nəyin doğru olduğunu necə qəbul etsinlər?

Marketinq kimi fənnlərin ingilis dilində tədrisinin daha doğru olduğu görüşləri, fikirləri də mövcuddur ki, mən də qismən bu fikirlə razıyam. Ancaq marketinqi öyrənmək istəyənlərin mütləq surətdə ingilis və ya başqa dili bilməsini tələb etmək, istəmək də çıxış yolu deyil. Əgər kütləviləşdirmək istəyiriksə bir şeyi təbii ki ən çox istifadə etdiyimiz öz ana dilimizdə olması şərtdir. Təbii ki dilçilik institumuz və yeni kəlimələri dilimizə tərcümə edən dilçi alimlərimiz var. Ancaq mən, xüsusilə marketinq mövzusunda məhz dilçi alimlərimizin də təsdiqi fikirlərini alaraq ana dilimizdə izahlı marketinq lüğətinin hazırlanmasını və bundan sonra marketinqlə əlaqədar dilimizdə yazılacaq və başqa dillərdən tərcümə olunacaq kitablarda bu izahlı lüğətin əsas alınmasını daha uyğun və faydalı olacağını düşünürəm. Təbii ki gələcəkdə bu lüğətdə təkmilləşmələr aparmaq da şərt olacaqdır. Və məhz öndə olan  marketoloqlarımıza  bu təkliflə səslənir bəlkə bir qrup işbirliyi ilə belə bir lüğətin hazırlanması ideyasını həyata keçirək? Məncə hər cəmiyyətdə hər bir sahənin öndə olanları həmin sahə üçün belə töhfələr verməyə hazır olmalıdır.
 Bu barədə nə düşünürsünüz əziz məsləkdaşlar?

Fikirlərinizi eşitmək və real iş arzusuyla...

1 comment:

Unknown said...

Məncə,çox lazımlıdır. Hətta bu iş üçün gecikirik də deyə bilərik. Düşünürəm ki, real işçi qrupu yaradıb çox böyük həvəs və şövqlə bu işə girişmək olar.