Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

13.11.12

Elmin inkişafı araşdırmaçı ruhlu gəncləri tələb edir...


Elmin bütün sahələrində araşdırma və araşdırmaların təhlili, müqayisəsi böyük əhəmiyyət kəsb edir. Meydana çıxan yeniliklər də şübhəsiz hansısa araşdırmanın, təhlilin nəticəsində yaranır. İstər yenilik gətirsin, istər gətirməsin araşdırma hər bir elm və elmi nailiyyətlər üçün olmazsa olmaz kimi şərtlərdəndir. Yazılan və yazılacaq yazıların, kitabların, elmi əsərlərin, elmi yeniliklərin əsasında araşdırma dayanır. 
Araşdırma özü isə əlbəttə başdansovdu edilməməli, məqsədli aparılmalı, sistematik və faydalı olmalıdır.  
 Türkiyədə bəzi universitetlərdə bakalavr (lisans) pilləsində, bəzilərində isə magistratura (yüksək lisans) pilləsində "Bilimsel araştırma metotları", "Araştırma yöntemleri", "Araştırma teknikleri" kimi dərsləri xatırlatdı hansı ki həqiqətən magistr və doktorantura işini yazanda bunlardan kifayət qədər istifadə etmişəm. Və elə hazırda məqalələr yazdığım zaman da bu yöntəmlər, metodlar işimə yarayır. Bu dərslərdə əsasən elmi araşdırma nədir, necə aparılmalıdır, araşdırma yazısı necə olmalıdır, hansı metodlar var, araşdırma prosesi, araşdırma qaynaqları, məlumat toplama, məlumatların analizi, məlumatları dəyərləndirmə və istifadə etmə və digər önəmli mövzuları əhatə edən və həqiqi mənada işə yarayan mövzular yer alır.

Bu yazını yazmadan əvvəl ictimai elmlər ocağından biri olan bizim İqtisad universitetinin tədris proqramlarına göz atdım. Ancaq bu mövzuları əhatə edən bir dərsə tədris proqaramında rast gəlmədim. Halbuki ictimai elmlərdən ən genişi olan iqtisad və əlaqəli sahələrdə bu dərslərin önəmi böyükdür. Digər universitetlərimizdə vəziyyət necədir dəqiq məlumatım yoxdur.

Dərs verdiyim Qafqaz universitetində belə bir dərsin keçiriliyindən xəbərim var. Dərslərin əhəmiyyəti sadəcə dissertasiya yazılan zaman dissertasiya yazma qaydalarından istifadə etmək deyil, ümumiyyətlə tələbə gəncləri araşdırmanın maraqlı tərəflərini, çətin olmadığını, əhəmiyyətini və yuxarıdakı digər mövzuları anlatmaqdır. 
Təbii ki bu dərslərin tədris edilməsi daha doğru və faydalı olardı. Ancaq təkçə bu da yeterli deyil. Tələbə gənclərdə bütün sahələrdə və bütün dərslərdə araşdırmaya meyllilik, istək, həvəs və bəlkə də məcburiyyət yaradılmalıdır.
Elm və elmin hər bir sahəsinin inkişafı məhz araşdırmaçı ruhlu gəncləri tələb edir. Bilindiyi kimi, universitetlərin dərəcələndirilməsi prosesində (university rank) bu universitetlərdən göndərilən və yayınlanan məqalə, araşdırma sayı önəmli yer tutur. Universitetlərimiz əgər heç olmasa gələcəkdə belə kateqoriyalı universitetlər sıralamasına düşmək istəyirlərsə, yuxarıda bəhs etdiyim məsələlərə böyük önəm verməlidirlər. Və istər yayınlansın, istər yayınlanmasın beynəlxalq yayın quruluşlarına dərgilərə və s. gənclərin və elmi kadrlarının yazı göndərməsini təşviq etməli, onları stimullaşdırmalıdır.  Yayınlanmasa belə bu araşdırma bacarığının artmasına gətirib çıxaracaq və bu da öz bəhrəsini verəcəkdir. 


No comments: